Wednesday, November 20, 2013

Başqa beyin məhsulu #1

Əvvəl düz xəttlər çəkməyi öyrətdilər, sonra onlardan hərflər düzəltməyi, sonra sözlər yazmağı. Sonra bizə yaz dedilər. Biz də ən xoşladığımız sözləri yan yana qoyduq – xoşbəxtlik, azadlıq, sevgi, vicdan, səmimiyyət, doğru, dost... 


Bizə cümlə qur dedilər. Biz yenə eyni sözləri yan-yana qoyduq - xoşbəxtlik, azadlıq, sevgi, vicdan, səmimiyyət, doğru, dost.... Səhvdir dedilər. Bu cümlə deyil dedilər.

Sonra hekayələr yazın dedilər. Biz yenə eyni sözləri yan-yana cizdik kənarı xətli mil-mil vərəqlərə. Yenə səhvdir dedilər. Bu hekayə deyil.

Sonra pozun dedilər. (Amma pozmağı öyrətməmişdilər). Poza bilmədik.

Sonra eh sizdən adam olmaz dedilər. “Adam”. Bu sözə baxdıq. Bizim yazdığımız sözlərə bənzəmirdi. 

Biz “bəs onda bizə doğru şəkildə yazmağı öyrədin” dedik.

Başladılar öyrətməyə, əvvəl 2, sonra 3, sonra 4, 5... sözü yan yana qoydular- qlobal problemlər, dünya iqtisadiyyatı, sərhədlərin müəyyənləşdirilməsi, plastik əməliyyatlar, çarəsiz xəstəliklər, insanlar arası kommumikasiya problemləri, hündürmərtəbəli tikililər, uzun iş saatları, rəsmi nümayəndə heyyəti, son model maşınlar, tanınmış dünya brendləri, elm təhsil və yeni innovasiyalar ...

Bu sözlərə də baxdıq.Yenə bizim yazdığımız sözlərə bənzəmirdi.
Biz də biz “adam” olmaq istəmirik dedik.
Və ən xoşladığımız sözləri yan yana qoyduq – xoşbəxtlik, azadlıq, sevgi, vicdan, səmimiyyət, doğru, dost...
Və biz də öz yazımızı öyrətməyə başladıq.
Ən başdan, elə düz xəttlər və hərflərdən başladıq.

2 comments:

  1. əladı! doğurdan əladı! (utopik olması öz yerində, ama səmimi dostlarınız varsa, balaca utopiyada qismən yaşamaq olur)

    ReplyDelete
  2. Super! Bizə adam olmağı öyrətməyin, adam olun!

    ReplyDelete