Tuesday, November 12, 2013

Xortdan

Tez yat xortdan gəlib aparmasın səni və bu sözə aldanıb yatıram. Anam deyirdi yatmamaq üçün dəcəllik etdiyim illərdə. Böyüdükcə anladım ki, qorxulu nağıl qəhrəmanları yox imiş, uşaq ağlı :) axı kimi xortdan aparmışdı ki, məni də aparsın? Bir də yatmaq necə qoruyardı axı bizi ondan? Böyüyəndə artıq əmin idim onların olmadığından.


Amma bu dünənə qədər idi. Dünən rastlaşdıq onlarla. Amma heç də mənim uşaqlıq kabuslarımın qorxulu və sevimli qəhrəmanına bənzəmirdi onlar, mənim xortdanlarım daha yaxşı idi. “Axşamınız xeyir” dedi, qorxulu, boğuq səsi ilə bizə. Hə, hə bu xortdanlar danışmağı bilirlər. Tez gözlərimi yumdum. Anamın dediyi kimi yatmağa çalışdım. Xortdan məni görmədi (axı o yatanları aparmır), dostlarımı apardı. Sonra digərini, sonra birini daha. Mən gözümü açmırdım, hələ də yatmağa cəhd edirdim. Və çox yaxından bir səs gəlirdi: Bura Yəməndir,
                                                                   Gülü çəməndir,
                                                                   Giden gelmiyor,
                                                                   Acep nedendir?
Mahnı? Bu yaxşıya işarədir. Hə gözlərimi aça bilərəm və budur: şəngül, şüngülünü qurd yemiş və sadəcə məngülü qalmış keçi :). Sadəcə üç nəfər qalmışıq, nağılın bir məngülü kimi. Bahadur, İbrahim, mən. Reallığa dönürdüm. Oxuyan səs İbrahimindir. Xortdanların apardığı və ya qurdun yediyi dostlar isə Rəşad, Nərmin, Nərgiz.  Oyanırdım addım-addım. Bir gerçək daha: mən evdə deyiləm – qarşımda böyük, göy işıq, 9 –hə, polis bölməsinin önündəyik. Və artıq yuxu, nağıl yoxdur. Artıq bizdən başqa hər şey gözlərini qapayıb, görməmək üçün gözlərini yumub hər küçə, hər nəsnə - büsbütün şəhər. Və sadəcə bizlər, divar və o tərəfdə yenə bizlər. Və yenə o səs: Bura Yəməndir,
                                                                                       Gülü çəməndir,
                                                                                       Giden gelmiyor,
                                                                                       Acep nedendir?


Anacan, əminəm! Onlar əslində biz gözlərimizi qapayanda gəlir, biz gözü bağlı qaldıqca çoxalır onlar. Gözlərimizi daim açıq saxlasaq əslində xortdanlar yoxdur. Sadəcə BİZlər varıq. Hey sizə də deyirəm. Eşidirsinizmi?

2 comments:

  1. Adama lezzet eden nedise bilirsen bi qewey yazi gorursen Ve bu yazida sen de varsan. Bu yazini sen de yawamisan. Xanim Abbasova goZel yazidi. Ewq

    ReplyDelete