Friday, April 15, 2016

Sarıdan bənövşəyiyə doğru

Gənc qızın `Fransız portreti` görüntüsünü şəhərin yorğun səhər küləyi pozurdu sadəcə. Onun xaricində hər şey 4`də 4 deyəcəyimiz qədər ideal idi. Ya da mənim baxdığım yerdən baxanda elə görünürdü. 

Səhər erkəndən oyanıb günə musiqi və təzə sıxılmış kök suyu ilə başlamışdı. Sonrasında bir neçə dəqiqəlik qapının kəndarına söykənib şirin səhər yuxusunda olan oğlunu seyrə dalmış, yaxınlaşıb üzərindəki örtüyü qaydasına salaraq yanağından öpmüş və axşam sevinərək danışacağı fantastika dolu yuxularını bölməmək üçün otağı barmaqlarının ucunda, sakitcə tərk etmişdi. 

Zərif mavi paltosu, başına azacıq köndələn geyindiyi eyni rəngli  bireti ilə aynadakı əksinə gülümsəmişdi (bu görüntüsündən məmnunluğunu ifadə edirdi zənnimcə). Yağış yağacağı proqnozunu bildiyi halda götürmək istəmədiyi çətirinə gözü sataşmış, ancaq elə fikrini dəyişmədən çiyin aşırmalı tory burch markalı kiçik çantasını alıb evdən çıxmışdı.

Gülümsəyən siması ilə yenə tutqun şəhər səhərini rəngləndirmiş, məhəllənin ərzaq dükanının önündə rastlaşdığı qapı qonşusuna xoş gün diləmiş, yandakı çörəkçiyə girib, qaçar ayaq "Əziz Törə xala, bu səhər də sizi işinizin başında belə positiv görmək necə də xoşdur. Mən yenə tələsirəm, təxminən 1 saat sonra  bizim evə çovdar çörəyi göndərərsiniz, quzum sevdiyi kimi `xırt-xırt` olanından, bir saata oyanar" deyə xahiş etmişdi. Cümlənin sonunu deyəndə az qala Törə xalanın eşitməyəcəyi qədər uzaqlaşmışdı. Amma bu hardasa hərfinə kimi hər gün təkrarlanan səhnə olduğu üçün bunun o qədər də qorxusu yox idi :)

Və budur indi avtobus dayanacağında, hər səhər işə gedərkən istifadə etdiyi 61/62a nömrəli avtobusu gözləyirdi, lakin bu dəfə avtobusun onu gələcək həyatına aparacaq vasitə olduğunun fərqində deyildi. Gənc qızın `Fransız portreti` görüntüsünü şəhərin yorğun səhər küləyi pozurdu sadəcə. Onun xaricində hər şey 4`də 4 deyəcəyimiz qədər ideal idi.

Avtobusa minib boş oturacaqlardan birinə oturdu, onunla eyni dayanacaqdan minən digər bir xanım üzbə-üz oturacaqda əyləşdi və əyləşən kimi də çantasından kitab çıxarıb oxumağa başladı. Kitabın üz qabığı çox doğma gəlmişdi bizim qəhrəmana, diqqətlə gözünü zilləyib kitabın adını oxumağa çalışdı. Bəli bu o idi, onun ən çox sevdiyi, adını heç kimlə paylaşmaq istəməyəcək qədər qısqandığı kitab.... Bu anda üzündəki gülümsəməyə bənzər ifadə dəyişdi, yerini sıra ilə daha təlaşlı, kövrək, qorxu və məsum ifadələri aldı. Sanki dumanlı, qaranlıq hisslər burulğanına düşmüşdü və biraz öncəki küləkli payız səhəri bir neçə saniyəlik yerini adını bilmədiyimiz bir fəsillə dəyişmişdi. Sevimli əsərinin sujet xətti öz həyat hekayəsi imiş kimi gözünün önündən sürətləndirilmiş lent yazısıtək keçdi. Bəs yaxşı hanı o? Harada unutmuşdu, haradan almışdı, doğrudan da ən son nə zaman oxumuşdu onu? Aiden. Aidenin son dialoqunu xatırlayırmı yenə əvvəlkitək? 

"Nurse: What is your relationship to this patient?
 Nurse: Wife? Friend?
 Anna:   ....
 Aiden: Both"

Dərin bir nəfəs çəkdi, təlaşa lüzum yoxdur, hər şeyi xatırlayırdı, hətta ən sevdiyi əsərin, ən sevdiyi qəhrəmanının ölüm səhnəsini də. Elə bu zaman heç də özünə xas olmayan çevikliklə başını yana çevirdi və pəncərədən sürətlə yaxınlaşmaqda olan bənövşəyi rəngli taxiyə nəzər saldı. Və qaranlıq.... 

Bəli eynilə Aidenin ölümünü xatırladığı səhnə idi. Bir neçə fərqlə.... NY Bakıya, sarı rəng isə bənövşəyiyə dəyişmişdi.

Avtobus şüşəsinin qırıntıları, siqnal səsləri, kömək təlaşında olanların hay-küyü, maraqla baxanların boğucu səssizliyi və bütün bunların arasında O - mavi paltosu və incə dodaqlarının kənarından sızan qanla.... Bu anda aynada əksini görsə "mavi geyimə bu qırmızı `aksesuar` heç uyğun gəlmədi" deyərdi.... 

Təxminən 40 dəqiqə sonra `quzu`su yuxusundan oyanacaq, hazırlayıb stolun üzərinə qoyduğu ərik cemi və qaymaq qarışığını Törə xalanın dilimləyib göndərdiyi xırt-xırt çovdar çörəyinin üzərinə sürüb səhər yeməyini yeyəcək, eyni zamanda da balaca ayaqlarını yelləyə-yelləyə cizgi filminə baxacaqdı. Bugün də onsuz, hər zaman onsuz.... Oğlunu düşünərkən dodaqları kənardakı qırmızı `aksesuar`a aldırmadan xəfifcə yanlara doğru çəkildi. Bu hüzur gülümsəməsindən sonra üzünün makiyajsız zərif gözəlliyini nə dağılmış saçları, nə də qırmızı sızıntı `aksesuar` poza bilərdi....




Yazının davamı yoxdur....

Ya da mənim baxdığım yerdən baxanda elə görünür.... 







No comments:

Post a Comment