Thursday, May 5, 2016

Hıdırellez

Bugün balkan ölkələri Hıdırellez (Ederlezi) bayramını qeyd edirdi. Bəziləri isə sabah, yəni 6 may tarixində də qeydə davam edəcəklər (saat 12`ni keçsə də, mən hələ yatmadığım üçün tarix mənə hələ də 5 may`dır). Bolqar, Serb, Yunan, Makedon və Türklərin yazın gəlişini qeyd etmək üçün keçirdikləri bayramdır Hıdırellez. Bizim ölkədə də qeyd edənlər var deyə eşitmişəm, amma hələ rast gəlməmişəm. Onu deyim ki, hər balkan ölkəsində çox maraqlı adətlərlə müşayiət olunan bayramdır. Mən etnik azlıqlar haqqında öyrənməyi çox sevirəm, elə bu bayrama da balkanlarda yaşayan yörüklər haqqında oxuyarkən rast gəlmişdim.
Bəzi rəvayətlərə görə Hıdırellez Xıdır və İlyas Peyğəmbərin yer üzərindəki görüşünü qeyd etmək üçündür. Bəzilərinə görə isə gecə-gündüz bərabərliyinin 40`cı gününün tamamlanması bayramı. `Əgər birinci bayramdırsa bəs niyə yunanlar, serblər (yəni xristian ölkələr) qeyd edir?` deyə fikirləşəcək olsanız deyim ki, bu ərazilər illərlə Osmanlı İmperiyasının idarəsi altında olub. Yəni özünüz başa düşdünüz. Nə isə, güya hər qeyd edilən bayramın tarixini dəqiq bilirik ki? Siz işin tarixini bir kənara qoyun və işin incəsənətinə köklənin. Məncə beləsi daha zövqlüdür.  Bu Hıdırellez marağım məni 4 il öncə (link var-->Ederlezi mahnısı ilə (dinləmək istəsəniz əksər balkan ölkələrinin və etnik azlıqların dillərində də var və hər biri zövq oxşayır), bu mahnı da Goran Bregovic dühası ilə, o da Emir Kusturica yaradıcılığı ilə tanış etmişdi. Zəncirvari incəsənət. Möhtəşəm idi, hələ də elədir....

Mövzudan çox uzaqlaşmadan Hıdırellez bayramına qayıdım. Bayaq dediyim kimi, hər xalqda min bir növ adət ənənə var bu günlə əlaqəli. Mən birini sizinlə paylaşım, marağınız olsa digərlərini də siz özünüz taparsınız. Deməli, Yörüklər (türk soylu etnik qrup) hər il Hıdırellez səhəri erkəndən oyanıb şeh toplamağa gedərlərmiş. Həmin şeh suyu ilə qatıq çalar və o qatıqdan bir illik damazlıq maya ayırarlarmış. Günümüzdə hələ də bu adət bəzi kəndlərdə təkrarlanır. Düşünün, məhz bu səhər dan yeri söküləndə şeh suyuna çalınan qatığın qaymağı ilə sabah səhər yeməyi etmək olardı. Bu il keçdi, gələn il edərik :)

Buyurun, bu da videosu, ordaymışıq kimi: (link var-->Hızır Mayası 




No comments:

Post a Comment