Wednesday, February 3, 2016

Heidelberg (vida qeydi)

Bu dünyada nağıl çoxdur, hamısı da belə başlar: biri vardır, biri yoxdur. Nağıllarda şəhər çoxdur. İstəyirəm danışım mən, bir dənizin sahilində nağıl olan şəhərimdən (E. Yaqubov. `Bakı haqqında nağıl` mahnısı). Eyyubu, oxuduğu mahnıları, Bakını, ələxsus da İçəri Şəhəri sevirəm. Amma bu gün başqa nağıladır yolumuz :)


Nağıllara bənzər şəhərlər var, bəzən də şəhərlərə bənzər nağıllar. Mənim haqqında danışmaq istədiyim ikincisindəndir. Şəhərə bənzər nağıl - Heidelberg. 

Sizə şəhər haqqında məlumatlandırıcı bir yazı yazmaq kimi fikrim yoxdur. Marağınız olsa açıb internetdən haqqında istənilən qədər oxuya bilərsiniz əziz oxucu.

Yazmaq istədiyim başqa bir neçə şey var. 
Nağıllarda nəcib, təmiz, dünyanın bütün pislik və çirkinliklərindən xəbərsiz saf insanlar olur. Heidelberg adamı kimi. Yox-yox, qarışdırmayın, bu o adamlardan deyil. Əgər orta məktəbdə yaxşı şagird olmusunuzsa onsuz da bizim bu nağıl şəhərin adını xatırlayacaqdınız. Yadınızdadırsa biologiya dərsində ilk insan növlərindən biri `Heidelberg adamı` adlanırdı. Bura məhz o saf, təmiz, dünyada sonrakı minilliklər boyu inkişaf edəcək bütün çirkablardan xəbərsiz insan növünün yaşadığı şəhərdir. (Mən o dərsi oxuyanda bir gün bioloq olacağımı və nə vaxtsa gəzmək üçün bu şəhərə gedəcəyimi heç düşünmürdüm belə, görünür onda başqa planlarım var idi gələcəklə bağlı).

Nağıllarda gözəl şahzadələrin yaşadığı qalaya tək bir yol olur, o yolu da meşənin içində yerləşən sehirli aynadan keçməklə getmək olur adətən. Beləliklə, içində şahzadələrin yaşadığı göz oxşayan qala bütün qorxulu adamlar, pisliklərdən qorunur. Bizim Heidelbergimiz də eynilə bu cür qorunub ikinci dünya müharibəsindən. Almaniyanın müharibədə bombardman edilməyən nadir yerlərindən biridir. Məhz buna görə də şəhər öz köhnə arxitekturasını, təmiz təbiətini hələ də qoruyub saxlayır.

Bu yerdə məşhur holland maestrosu Andre Rieu`nun orkestrinin ifasında köhnə bir alman mahnısı yadıma düşdü. Tərcüməsi `Mən ürəyimi Heidelbergdə itirdim`dir (Almanca `İch hab mein herz in Heidelberg verloren`). Aaa doğurdan bu mahnının adını yazdıqca xatırladım, Sezen Aksunun `Kalbim Egede Kaldı` mahnısı - nə qədər də ad bənzərliyi var imiş.

Hə bir də çaxır sevərlərə müjdə. Dünyanın ən böyük çaxır çəlləyi bizim nağıl şəhərimizdə yerləşir.
Yay gəlir. Nəcib, gözəl insanların, uçan atların, çiçəkli qalaların olduğu nağıllara getmək gərək :)






2 comments:

  1. Super təsvir etmisiniz. Əllərinizə sağlıq :)

    ReplyDelete
    Replies
    1. Çox sağol Nərmin, uzun müddət sonra təkrar oxucu şərhi görmək gözəldir :)

      Delete