Qız əlini uzadıb şaybanı götürmək istədi, barmağının
ucu ilə ona güclə yetişmişdi ki, çəkib götürmək əvəzinə daha da uzağa itələdi.
Bir ara xokkey oynamaq həvəsinə düşmüş, daha
sonra bunun heç də xoş fikir olmadığı qərarına gəlmişdi. İstehsalından bu günə
qədər ömründə bir dəfə belə buz üzərində gəzməyən şayba da həmin ötəri həvəsdən
xatirə qalmışdı. Buz üzərində oynanmaq üçün hazırlanmış şaybanı isti sentyabr ayında
Afinada məşhur Ermou küçəsi ilə məşhur olmayan Fokinos küçəsinin kəsişməsindəki
kiçik dükandan tapmışdı. Axtaranda özü də isti şəhərdə soyuq ölkələrin sevimli
oyununun görkəmsiz hissəciyini tapacağına az ümidli idi.
Nə isə, şaybanı daş ocağın ən dibinə itələdi
istəmədən. Əslində onu götürmək üçün niyə bu qədər can fəşanlıq etdiyini
düşündü bir anlıq. Gülümsəyib əlini geri çəkdi və gəlib yatağına uzandı. Biraz əvvəl
daş ocağın altına saldığı əlinə baxdı, ondan üzr istəməyi keçirdi könlündən. Qəflətən
bir həftə öncə daşıdığı ağır ərzaq torbalarının barmaqlarının büküşündə qoyduğu
izlər yadına düşdü. Üzr istəmə səbəbi ikiyə çıxdı. Daha sonra 1 ay əvvəlki hirs
yumruğunun masaya dəydiyində əlinin hissiyatını bir anlıq itirdiyini xatırladı.
Beləcə fikir burulğanına düşüb fırlanmağa başladı, sanki əlinin tarixindən bəhs
edən sənədli filmə baxırdı. Ötən qış əlcəyini evdə unutduğu gün qırmızıya dönən
əli ilə, bir il öncə rəfiqəsinə qəhvə köpüyü hazırlayarkən maşının buxarında yandırdığı əli qırmızının eyni tonlarını paylaşırdı. Beləcə uşaqlığına qədər endi; bir filmdən qorxub qaçanda paslı
mismara ilişib qanayan əlini, ən son tut ağacından yıxılarkən budaqlara dəyib
cızılan əlini xatırladı. Xəyali sənədli filmi bitəndə özünü bərk-bərk
qucaqlayıb yatağının bir küncünə sıxılmışdı. Nə də çox səbəb toplanıbmış üzr
üçün.

Sonda gülümsədi, dünən gecədən ağlına
taxılan `gülmənin antonimi` sözündə vurğunu doğru yerə qoyub yuxuya getdi.
Həmişəki kimi <3
ReplyDelete