Thursday, June 12, 2014

Şirince

Adı səslənəndə düşüncədə min cür səhnə canlanır: kiçik, yeməli, körpə, şəkər, oyuncaq, pet, cizgi filmi və s. nə ola bilər axı? Fikir verdinizsə Şirince deyəndə ağlımızda formalaşan bütün nəsnələrin tək ortaq nöqtəsi var - hamısı pozitivə bağlayır.

Şirince`də kənd adıdır :)


Bəli bəli, elə şirin-şəkər yeməli kənd. Ötən il hər kəs maya təqviminin qondarma qiyamət günü qorxusunu yaşayarkən xeyli məşhurlaşmış və bütün dünya dağılsa da Şirincenin fəzada asılı qalacağını düşünən bir çox qərb şou biznes ulduzlarının axın etdiyi kənd.
Mən Şirincəyə ilk dəfə bütün bu söz söhbətlərdən qabaq 2010cu ildə getmişdim. Kəndin gözəlliyi, azacıq sərvətinə şöhrət qazandırma qabiliyyəti, gülərüz və çalışqan sakinləri, əl-ələ verib dirçələn kiçik sahibkarlıq nümunələri, turizmə ciddi (!) qatqısı və s. mənə o qədər təsir etmişdi ki, bunu hər kəslə bölüşməyi çox istəmişdim. Demək ki, doğru zaman bu gün imiş.

Ege`də gizli, şirin, möhtəşəm bir kənd. İzmirə 90, Kuşadasına 30 dəq. uzaqlıqda yerləşir. Tarixi miladdan sonra 5ci yüzilliyə qədər uzanır. Əksərən Rumların məskənləşdiyi 1800 xanadan ibarət olub. 1923cü ildə köçürülmə/mübadilə zamanı Rumlar köç etmək məcburiyyətində qalmış və kəndə Makedonyalılar yerləşdirilmişlər. Kəndə evlərin memari quruluşlarında hər üç mədəniyyətin (Rum/Makedon/Türk) izlərini görmək olur. Hazırda Şirincədə 2 Rum kilsəsinin xarabalıqları qalır. Rumlardan qalmış digər evlər isə pansionat kimi istifadə olunur.

Kəndin ad etimologiyasına gəlincə, bu ad əvvəllər `Kırkınca` imiş, Rumlar tələffüzdə azacıq dəyişik `Kirkince` dedikləri üçün Türklər də buna bənzər `Çirkincə` (köçdən sonra) adını istifadə etməyə başlamışlar. Başqa bir mənbəyə görə isə ilk dəfə qırx ailənin yerləşdiyi insanlara `yerləşim yeriniz gözəldirmi` sualı verildiyində öz gözəl kəndlərini başqalarına qısqanan və əllərindən alınacağından qorxan sakinlər `Çirkince` cavabını vermiş və kənd adını buradan almışdır.
1930cu ildə İzmir Valisi Kazım Dirik Paşa ilk dəfə `Çirkince`ni ziyarətə gəlmiş və belə füsunkar kənd çirkince deyil, olsa olsa şirince ola bilər deyərək kəndin adını `Şirince`yə dəyişdirmişdir.

Bəs Şirince`ni məşhur edən yalnız bu yanağı sıxılası şirin körpə görüntüsüdürmü? Təbii ki yox - Şirincə ən çox evlərinin bir hissəsini emalatxana edən qadınların hazırladıqları təbii sabunlar, meyvə şərabları, qurudulmuş tərəvəzləri ilə məşhurdur. Buram-buram təbiilik, sağlamlıq qoxan kənddə əsas yol/meydan bu rəngarəng sabun və şərablarla doludur. Alkoqol faizi aşağı olan bu şərablardan istənilən sayda dadmaq da mümkündür.

Yadımdadır ki, kənddən çıxanda anama hədiyyə 4 sabunluq bir qutu sabun almaq istədim - ana və iki qızının işlətdiyi bir emalatxanaya girdim - elə oradaca sabun kəsimi ilə məşğul idilər. Hədiyyəni anama alacaqlarını eşidəndə qızlar böyük həvəslə və inanılmaz endirilmə qutunu bağlayıb mənə uzatdılar. Üzərindən dörd il keçməsinə rəğmən o isti ailənin pozitivliyini hələ də xatırlayıram.

Hə bir də cənnətdən bir parça olan yerə gedib də səhər yeməyi yemədən olmaz. Şirincə kənd kahvaltısı (səhər yeməyi` deyəndə o effekti ala bilmədim deyə kahvaltı` sözü istifadə etməyə qərar verdim) ilə də məşhurdur.

Hazırda kəndin əhali sayı 600`ə yaxındır. Kənddə maşın sürmək mümkün deyil (münasib yer yoxdur). Buna görə də dostlarla Şirincənin girəcəyində maşından düşüb torpağa ayaq basaraq yerimək və dünyadakı bu kiçik möcüzə kəndi kəşf etmək daha da əyləncəli idi.

Kənddə təkrar istifadə təfəkkürü də kifayət qədər formalaşıb. Köhnə ayaqqabıları dibçək əvəzi istifadə etdiklərini görmək sevindirici idi.

Könül istər təkrar gedəm :)














Yazını hazırlayarkən www.themagger.com saytından bəzi məlumat və fotolardan istifadə etdim.
Digər fotolar isə mənə və gəzintidə birgə olan digər dostlarıma (IFMSA exchange students Ege Uni 2010) aiddir.

No comments:

Post a Comment