Saturday, March 15, 2014

Səbəb gözləməyək, gecikmiş olarıq

Hər şeyi bilən! Öyrədən! Dinləyən! Danlayan! Qəhrəmanımız! Dostumuz! Söhbət yoldaşımız! Bəzən haqqımızdakı ən kiçik nəsnələri belə bilən, bəzən xəbərsiz! Hərşeyimiz! Özümüz!

Bizə vicdanın, məsuliyyətin, sevginin, imanın, insanlığın nə demək olduğunu anladan

İstər kiçikkən, istər indi, həm yanlış, həm doğrumuzda bizi qarşısına alıb böyük bir insanmışıq kimi fikir mübadiləsi aparan, sözümüzü səbrlə dinləyən, istəklərimizi anlamaq üçün bizim yaşımıza qədər enən anlayışlı adam. 

Bizə üzülənin üzüntüsü, sevinənin xoşbəxtliyini paylaşmağı, xəstəni ziyarət etməyi, kimsəsizi tez-tez yoxlamağı, uşaqları sevindirməyi təbliğ edən

Öz səhvlərindən bizi xəbərdar edib vaxtında uyaran, biz səhv etdikdə dərs almamızı, önümüzə baxmamızı, simamıza gülüşümüzü qaytarmağımızı məsləhət edən adam.

Haramdan uzaq durmağa çağıran, sərvət deyil dost biriktirməyi anladan, insanlığı hər şeyin üzərində tutmağı, vicdanının, insani dəyərlərin qarşılığının olmadığını qulağımıza sırqa edən adam.

Bizi belə böyütdüyün üçün sənə minnətdaram ata.
Bəlkə də gündəlik qayğılarla vuruşmaqdan vaxt tapıb deyə bilmirəm. Amma  eşitməyəcəyin qədər gec  də qalmaq istəmədim.

Səninlə hər söhbətimiz sonradan bir şəkli tamamlayacaq puzzle`ın ayrı-ayrı hissəcikləri kimi idi. İndi o söhbətlərin hansı yola çıxdığını, hansı şəkili formalaşdırdığını görəndə anlayıram ata. Bu şəkil üçün də minnətdaram.

İlk dəfə ağladığını görəndə (Ə. Elçibəyin dəfni) sarsılan uşaq kimliyim adına da minnətdaram ata. Məni, ataları da ağlada biləcək dəyərlərin varlığına inandırdığın üçün də minnətdaram.

Hər ortamda, hər mühitdə utanan, sıxılan kimliyinin olmasına rəğmən verdiyim hər qərarda yanımda durduğun, mənə hər addımımda güvəndiyin üçün də minnətdaram ata.

O qədər uzanar ki, bu minnətdarlıq siyahısı

Əllərindən öpürəm ata. Əmək qoxan əllərindən!


İnsanlara sağlığında təşəkkür etməyi öyrətdiyin üçün elə birinci sənə təşəkkür edirəm!




No comments:

Post a Comment