Friday, April 15, 2016

Sarıdan bənövşəyiyə doğru

Gənc qızın `Fransız portreti` görüntüsünü şəhərin yorğun səhər küləyi pozurdu sadəcə. Onun xaricində hər şey 4`də 4 deyəcəyimiz qədər ideal idi. Ya da mənim baxdığım yerdən baxanda elə görünürdü. 

Səhər erkəndən oyanıb günə musiqi və təzə sıxılmış kök suyu ilə başlamışdı. Sonrasında bir neçə dəqiqəlik qapının kəndarına söykənib şirin səhər yuxusunda olan oğlunu seyrə dalmış, yaxınlaşıb üzərindəki örtüyü qaydasına salaraq yanağından öpmüş və axşam sevinərək danışacağı fantastika dolu yuxularını bölməmək üçün otağı barmaqlarının ucunda, sakitcə tərk etmişdi. 

Zərif mavi paltosu, başına azacıq köndələn geyindiyi eyni rəngli  bireti ilə aynadakı əksinə gülümsəmişdi (bu görüntüsündən məmnunluğunu ifadə edirdi zənnimcə). Yağış yağacağı proqnozunu bildiyi halda götürmək istəmədiyi çətirinə gözü sataşmış, ancaq elə fikrini dəyişmədən çiyin aşırmalı tory burch markalı kiçik çantasını alıb evdən çıxmışdı.